Sentyabrın 22-dən etibarən “iPhone 8” və “8 Plus” smartfonları “birinci dalğa” ölkələrində satışa çıxarılıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə,bu gündən etibarən Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Çin, Lüksemburq, Meksika, Niderland, Yeni Zelandiya, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Puerto-Riko, Sinqapur, ABŞ, Tayvan, Finlandiya, Fransa, İsveç, İsveçrə və Yaponiya sakinləri yeni “iPhone” smartfonlarını satın almaq imkanı əldə ediblər. ABŞ-da “iPhone 8” və “iPhone 8 Plus” smartfonlarının qiyməti müvafiq olaraq 699 və 799 dollardan başlayır.
İyirmi yaşlı “Youtube” blogeri Mazen Kuruş yeni nəsil “iPhone” smartfonunun ilk alıcısı olub. O, dostları ilə birgə smartfonların təqdimatından sonra “Apple”ın mağazasının yanında çadır qurub.
“CNet” nəşri qeyd edir ki, yeni qurğular üçün növbələrin uzunluğu əvvəlki kimi olmayıb. Belə ki, çoxları səbirsizliklə noyabrın 3-də satışa çıxarılacaq “iPhone X” smartfonunu gözləyir.
Babək Cahandarov