Xəbərlər

Azərbaycanın maraqlarını tam təmin edən və daha da yaxşı şərtlərlə imzalanan yeni “Əsrin müqaviləsi”
20 sentyabr, 2017 10:42

Bu gün “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanmasından iyirmi üç il ötür. 20 sentyabr, eyni zamanda, 2001-ci ildən ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Neftçilər Günü kimi qeyd edilir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, təxminən 400 səhifə həcmində və 4 dildə tərtib olunmuş müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb.

Müqavilədə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil”, “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edib. Bununla da, müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyulub. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.

Ötən 23 ildə Azərbaycan neft sənayesi hansı inkişaf yolu keçib, nə kimi uğurlara imza atılıb? Gəlin tarixə qısaca da olsa, nəzər yetirək.

1997-ci il noyabrın 7-də “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilkin neft alındı. Noyabrın 12-də bu münasibətlə platformada ulu öndər Heydər Əliyevin, layihənin əməliyyatçısı olan BP şirkəti və tərəfdaşlarının nümayəndələrinin, xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə təntənəli mərasim keçirildi. Bu, Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı idi. Həmin hadisə ilə Azərbaycanın neft sənayesinin əlaqədar olduğu istehsal obyektlərinin beynəlxalq standartlara uyğun qurulmasının təməli qoyuldu.

“Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlər ilə daha 34 saziş imzalanıb. Bununla yanaşı, “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən – 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Başqa sözlə, hasilat 5,6 dəfə artdı.

1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql olunması haqqında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalandı. 1997-ci ilin oktyabrında həmin xətt istifadəyə verildi. 1998-ci ildə AÇG nefti fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başladı.

 “Əsrin müqaviləsi” çərçivəsində hasil ediləcək böyük neft həcmləri ilə müqayisədə bu kəmərin ötürücülük qabiliyyəti məhdud olduğundan ixrac boru kəmərlərinin çoxvariantlılığının zəruriliyi məsələsi ortaya çıxdı və alternativ variantlar üzərində ciddi iş aparılmağa başlanıldı. 1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqli haqqında Azərbaycan və Gürcüstan arasında saziş imzalandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.

Lakin bu da kifayət etmirdi. Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri Azərbaycanın getdikcə artan iri neft həcmlərini dünya bazarına ixrac etmək iqtidarında deyildi. Məhz buna görə də əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası zərurəti yarandı. Belə olan təqdirdə ulu öndər Heydər Əliyev Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ideyasını gündəmə gətirdi. Respublikamızın həm daxildəki, həm də xaricdəki bədxahları müxtəlif bəhanələr gətirərək, beynəlxalq ictimai rəydə guya Azərbaycanın gələcəkdə bu kəmərlə ixrac etmək üçün kifayət qədər nefti olmayacağı barədə fikir yaratmağa çalışır, bu ideyanı utopiya hesab edirdilər. Lakin zaman ulu öndər Heydər Əliyevin bu konsepsiyasının tamamilə real, həm də iqtisadi cəhətdən səmərəli olduğunu göstərdi.

2002-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. “Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri dahi şəxsiyyətin ikinci şah əsəri oldu. 2006-cı ilin mayında Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı. Hazırda bu kəmərin əhəmiyyəti bütün dünyada birmənalı etiraf olunur.

Bu gün Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, eyni zamanda, ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən ölkələr, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir.

Kəmərin illik buraxıcılıq qabiliyyəti 50 milyon tondur ki, bunu da gələcəkdə 60 milyon tona çatdırmaq mümkündür. 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur. Kəmər istifadəyə verilən gündən bu il sentyabr ayının 1-ə qədər BTC-yə 339 milyon 600 min 342 ton neft vurulub. Cari ilin yanvar-avqust aylarında isə bu kəmərlə 18 milyon 62 min 280 ton neft ötürülüb. Cari ilin avqust ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 484 min 700 ton Azərbaycan nefti nəql olunub. Bundan başqa, bu ilin avqust ayında BTC kəməri ilə 549 min 434 ton Türkmənistan nefti nəql edilib.

Yarım ildə BTC üzrə əməliyyat xərclərinə təqribən 64 milyon dollar, əsaslı xərclərə isə 10 milyon dollar sərf edilib. “BTC Ko.”nun səhmdarları belədir: BP (30,10 faiz), “AzBTC” (25,00 faiz), “Chevron” (8,90 faiz), “Statoil” (8,71 faiz), TPAO (6,53 faiz), “ENI” (5,00 faiz), “Total” (5,00 faiz), “Itochu” (3,40 faiz), “Inpex” (2,50 faiz), “CIECO” (2,50 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz) şirkətləridir.

Bu ilin avqust ayı ərzində 2 milyon 531 min 737 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 733 min 485 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 17 milyon 239 min 539 ton olub. Ümumiyyətlə, BTC istismara verilən gündən bu il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 337 milyon 74 min 138 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

SOCAR bu ilin avqust ayında Novorossiysk limanından 254 min 363 ton, Ceyhan limanından 1 milyon 733 min 484 ton xam neft ixrac edib. Ümumilikdə bu ilin yanvar-avqust ayları ərzində Novorossiysk limanından 988 min 28 ton, Supsa limanından 1 milyon 579 min 673 ton, Ceyhan limanından 11 milyon 400 min 551 ton xam neft ixrac edilib. Bu il sentyabrın 1-dək isə dünya bazarına 456 milyon ton Azərbaycan nefti çıxarılıb. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Yeni neft strategiyasının gerçəkləşməsi ilə respublikamızın neft ehtiyatlarının istismarına geniş məbləğdə xarici investisiyalar cəlb edildi. Təkcə onu demək kifayətdir ki, Dövlət Neft Şirkəti 15 ölkənin 25 şirkəti ilə imzalanmış hasilatın pay bölgüsü sazişində (HPBS) Azərbaycan dövlətini uğurla təmsil edir. HPBS-lər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycanın neft-qaz sektoruna təqribən 51,6 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən müasir bir şirkətdir. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana nəql edilir.

XXI “Əsrin müqaviləsi”

Bu il sentyabrın 14-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar.

14 sentyabr ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün oldu, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövrü başladı. Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə Saziş imzalandı. Bu Sazişin yeni “Əsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəklər. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Növbəti 32 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmalıdır. Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq. Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub.

“Azəri”, “Çıraq” və dərinsulu “Günəşli” üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişi təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP - 30,37 faiz, “AzACG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Statoil” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TP” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz. Bu da o deməkdir ki SOCAR-ın AÇG-dəki payi iki dəfədən çox artacaq.

Yeni sazişdən əvvəl AÇG-də iştirak payları belə olub: BP (operator – 35,8 faiz), SOCAR (11,6 faiz), “Chevron” (11,3 faiz), “Inpex” (11 faiz), “Statoil” (8,6 faiz), “ExxonMobil” (8 faiz), “TP” (6,8 faiz), “Itochu” (4,3 faiz), “ONGC Videsh Ltd.” (OVL) (2,7 faiz).

23 il ərzində sazişin icrası uğurla reallaşdırılıb. AÇG-də böyük ehtiyatlar mövcuddur və burada hələ görüləcək çox iş var. İndiyədək AÇG-dən 436 milyon ton neft və 136,5 milyard kubmetr təbii qaz hasil edilib. 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Bu gün isə “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var. Lakin bu hələ son rəqəm deyil. Yataqların ehtiyatının atması ehtimalı var və Sazişin icrası müddətində bu rəqəm daha da artacaq.

Xatırladaq ki, ötən il dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənməsi üçün niyyət məktubu imzalayıblar. Bu razılaşma AÇG yatağının 2050-ci ilədək işlənməsini və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əhatə edəcək.

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək AÇG layihəsinin reallaşdırılması çərçivəsində 125 milyard 718 milyon ABŞ dolları gəlir əldə edib. Bu ilin yanvar-iyul aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 3 milyard 609 milyon dollar vəsait daxil olub.

1994-cü il sentyabrın 20-də AÇG üzrə mövcud hasilatın pay bölgüsü haqqında saziş imzalanandan indiyədək yatağın işlənməsinə təqribən 33 milyard dollar sərmayə qoyulub. İndiyədək AÇG-dən təqribən 3,2 milyard barrel (təqribən 440 milyon ton) neft hasil edilib və bu neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb. Bu ilin yanvar-iyun aylarında AÇG yataqlar blokundan hasilat 106 milyon barreldən çox, yəni 14 milyon tondan artıq təşkil edib. Hesabat dövründə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. AÇG-dən ümumi hasilat – “Çıraq” (56 min), “Mərkəzi Azəri” (129 min), “Qərbi Azəri” (116 min), “Şərqi Azəri” (77 min), “Dərinsulu Günəşli” (120 min) və “Qərbi Çıraq” (87 min) platformalarından birlikdə – gündə orta hesabla 585 min barrel olub.

Hazırda AÇG-də 8 platforma - 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur. İlin ortasına AÇG-də ümumilikdə 112 neft hasilat quyusu, 48 qaz və su injektor quyusu istismarda olub. Yarım ildə blokda 11 neft hasilat və 2 suvurma quyusu qazılıb. Altı ayda AÇG layihəsinə təqribən 230 milyon dollar əməliyyat və 601 milyon dollar isə əsaslı məsrəflər xərclənib.

Ötən 23 ildə AÇG-dən, həmçinin ümumilikdə 30 milyard kubmetrdən çox səmt qazı Azərbaycan hökumətinə təhvil verilib. Cari ilin birinci yarısında isə “BP-Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 10 milyon kubmetr, ümumilikdə isə 1,8 milyard kubmetr səmt qazı verib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Artıq 18 ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. Bu il sentyabrın 1-dək dünya bazarında Azərbaycanın payına düşən 245 milyon ton mənfəət nefti satılıb. Mənfəət neftinin həcmi ilbəil artır.

“Əsrin müqaviləsi” imzalanandan bu günə qədər ulu öndər Heydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. Bu gün Azərbaycanın öz hesabına yaşamasında, kifayət qədər böyük valyuta ehtiyatlarının olmasında və iqtisadiyyat dinamik şəkildə inkişafında “Əsrin müqaviləsi”nin xüsusi rolu var. Azərbaycanda iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılıb və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, çünki ölkəmizin böyük potensialı var. Göründüyü kimi, mənbəyini “Əsrin müqaviləsi”ndən götürən bu zəngin potensial hazırda Azərbaycanı regionun lider dövlətinə çevirib.

Azərbaycanda ilk dəfə dünya miqyasında dənizdən neft XX əsrin ortalarında “Neft Daşları”nda çıxarılıb. Bu o deməkdir ki, Azərbaycanın çox böyük və zəngin ənənələri var. Bu il isə ölkəmiz üçün 2 milyardıncı ton Azərbaycan neftinin hasil edilməsi ilə əlamətdar olacaq. Milyardıncı ton Azərbaycan nefti 1971-ci il martın 28-də çıxarılıb. Neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri 1 əsrlik yol keçdilər. Lakin neftin ikinci milyard tonunu çıxarmaq üçün isə qəhrəman neftçilərimizə yarım əsrdən də az bir vaxt – 46 il bəs etdi. Kiçik bir ölkədə işlənmənin əvvəlindən iki milyard ton neftin hasil edilməsi həqiqətən də böyük hadisədir.

Bu uğurlar, eyni zamanda, Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır. Azərbaycan neftçiləri bütün dövrlərdə öz fədakarlığı, peşəkarlığı ilə cəmiyyətdə çox böyük hörmət qazanıblar. Azərbaycanda neftçi peşəsi çox hörmətli peşədir. Bütün bu uğurlarımızın əldə edilməsində Azərbaycan neftçilərinin çox böyük xidməti, zəhməti, böyük payı var. Təsadüfi deyil ki, bunu nəzərə alan ulu öndər Heydər Əliyevin Fərmanına əsasən məhz “Əsrin müqaviləsi”nin imzalandığı gün – 20 sentyabr ölkəmizdə həm də Neftçilər günü kimi bayram edilir. Qəhrəman neftçilərimizi bu əlamətdar gün münasibətilə təbrik edir, onlara Azərbaycan neft-qaz sənayesinin tərəqqisində yeni-yeni uğurlar arzulayırıq.

S.Xankişiyeva

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.