Dünən Bəhram Bağırzadə “Facebook” sosail şəbəkəsində yazdığı qəzəbli statusla bütün jurnalist ictimaiyyətinə “hücum etdi”.
“Mən şəhərimin informasiya məkanını çirkab su kimi dolduran "jurnalistlər"ə qarşı qəzəb və hirsimdən partlayıram. Bu media kanalizasiyası artıq bütün həddi aşıb”, deyə o, yazıb.
Məşhur KVN-çinin qəzəbinə nəyin səbəb olduğunu təxmin etmək olar. Söhbət ondan gedir ki, məhz dünən əksər media orqanları xalq artisti Fuad Poladovun ağır xəstə olması barədə məlumat yaydı.
Bununla əlaqədar olaraq bir sıra məqamları qeyd etmək istəyirik.
Əslində tanınmış insanların xəstəliyi barədə məlumat vermək qeyri-etik hesab edilmir, xüsusən də jurnalistlər çox vaxt laqeydliklə ittiham olunurlar. Yəni, neçə ildir insan xəstədir, amma siz məhəl qoymamısınız.
Digər tərəfdən, bu barədə məhz ona görə məlumat verilir ki, bu, insanın minlərlə pərəstişkarı ona dua edir və tezliklə sağalmasını arzulayır. Onların içərisində isə jurnalistlər də var. Sevilən aktyora qarşı bu münasibət normaldır.
Dəfələrlə olub ki, məhz media yazdıqdan sonra məşhur şəxslərə(və yalnız məşhurlar deyil) vaxtında kömək edilib və onlar xilas olub.
Əgər konkret olaraq bizim sayt barədə danışsaq, yalnız "Köməyə çağırış" başlığı altında olan rubrika minlərlə oxucuya kimlərinsə ağrısı barədə danışmaqla, bir çoxlarının həyatını xilas etməkdə kömək göstərib.
Çünki insanlar oxuyur, kömək etməyə çalışır, müdaxilə edir. Çünki mətbuatın vəzifəsi –İNFORMASİYA verməkdir.
Neçə dəfə insanlar bu məsələ ilə bağlı müraciət ediblər? Mətbuat bu barədə necə yazmaya bilər?
Bəs onun kütləvi informasiya vasitələri haqda bu cür cümlələr yazmasına nə səbəb oldu:
“Onların əli nəyə toxunursa, həmin hadisə əzab, qətl və qisas mənbəyinə çevrilir. Axı bəzən söz qılıncdan da iti olur. Sosial şəbəkələrdə paylaşılmış zorakılıqla bağlı materiallar əbədi olaraq həmin ailə və yaxınlar üçün əzaba çevrilir...
Onlar hətta öz “xəbələri” ilə ailə üzvlərinə nə qədər kədər bəxş etdiklərini belə bilmirlər. Hələ bu da azmış kimi – diaqnozu dəqiqləşdirmədən həmin şəxsi harada dəfn edəcəkləri barədə müzakirələr aparırlar. Həmin şəxs isə hələ də sağdır və sağlamlığına qovuşması üçün bütün imkanları var! Buna görə də jurnalistləri qədim peşənin ikinci nümayəndləri adlandırırlar...”
Və statusunun sonunda B.Bağırzadə müasir KİV nümayəndləri üçün vicdan və ləyaqətin itirilməsindən bəhs edərək yazır: “Başa düşürəm ki, təkbaşına bu murdar axınının qarşısını ala bilmərəm. Əgər bunu etməyə çalışmasaydım, özümə bir kişi və bir jurnalist kimi hörmət də etməzdim!”.
Bütün bunlar – yumşaq desək, jurnalistlərin ünvanına kifayət qədər sərt və xoşagəlməz sözlərdir. Belə ki, Bəhram dəfələrlə kömək və dəstəyə ehtiyacı olduqda jurnalistlərə müraciət edib və etməkdə də davam edir.
B.Bağırzadənin özündən hansı nəşrin konkret məqaləsinə görə bütün jurnalistlərə qarşı belə qəzəbli status yazmasına səbəb olduğunu öyrənməyə çalışdıq:
- Mən bu statusla bütün jurnalistləri, həmçinin xalq artisti Fuad Poladovun xəstəliyi barədə məlumat verənləri incitmək istəmirəm. Xüsusən də yalnız konkret bu hadisə ilə bağlı yazmamışam.
Mən belə hadisələri gülüş hədəfinə çevirənləri, həyatda olan insanın artıq ABŞ-da öldüyünü yazanları nəzərdə tutmuşam. Yalnız bu cür "jurnalistlər" haqqında yazmışam.
Ancaq o, bizə xüsusi adlar və nəşrlərin adlarını açıqlamaqdan imtina etdi.
Biz məşhur və hər kəsin sevimlisi olan aktyor barədə hansı KİV-də “çirkli” yazının dərc olunduğunu dəqiqləşdirmək üçün bəzi internet nəşrlərin rəhbərləri ilə əlaqə saxladıq.
“Qafqazinfo” saytının baş direktoru Elburus Ərud:
“Bəhram Bağırzadəni istedadlı bir aktyor, KVN-çi kimi tanıyıram. Bildiyimə görə, onun başqa istedadları da var. Ancaq mətbuatı, jurnalistləri 30-40 il bundan əvvəlin jurnalistikası ilə müqayisə etmək doğru deyil. Çünki mətbuat artıq 30 il bundan əvvəlki deyil.
30 il əvvəl mətbuat ideoloji əsaslarla işləyirdi, fərqli kontekstdə çalışırdı. Yalnız ideoloji rəsmi xəbərlərə əsaslanırdı. Bir də mədəni xəbərlər, şou ümumiyyətlə yox idi. Ölkədə mətbuatda, cəmiyyətdə fərqlilik gətirənlərdən biri elə Bəhram Bağırzadənin komandası olub. Ona görə də bu cür yanaşma düzgün deyil.
Mətbuatın özünün tələbləri var. Əlbəttə ki, Fuad Poladov kimi aktyorun istənilən bir hadisəsi, maşın alması, səs tellərinin tutulması, səhhətində yaranmış hər hansı bir problem Azərbaycan mətbuatında yox, dünyanın istənilən mətbuatında hadisəyə çevrilərdi, xəbər olardı.
Dünyanın istənilən mediası bunu xəbər kimi manşetə verərdi. Allah ona can sağlığı versin, böyük aktyordu, dahi sənətkardır.
Bəhram Bağırzadənin hansı prizmadan yanaşdığını bilmirəm, amma Fuad Poladovun səhhəti ilə bağlı məlumatı xəbərə çevirməkdə ayıb heç nə yoxdur. Mətbuatın işi xəbər yazmaqdır.
Əgər ölkənin ən böyük aktyorlarından biri sağalmaz xəstəliyə tutulubsa, xərçəng kimi öldürücü xəstəliyə mübtəla olubsa, bu, çox kədərlidir və bizim üçün sensasiyadır. Bəhram Bağırzadənin yanaşması yanlışdır.
Bu gün ittiham etmək çox asandır. Bütün sahənin adamları mətbuata dərs verməkdə özlərində güc tapırlar. Özləri heç bir addım atmaq istəmir, ancaq səndən qəhrəmanlıq tələb edirlər.
Əgər Azərbaycan mətbuatı belə acınacaqlı durumdadırsa, pis vəziyyətdədirsə, burda ən böyük günahı olanlardan biri də Bəhram Bağırzadədir. Çünki o da Azərbaycan cəmiyyətinin yeni düşüncəli insanı kimi cəmiyyətin önündə gedir. Bu həm də Bəhram Bağırzadənin mətbuatıdır, cəmiyyətidir.
Onda nə edək, yazmayaydıq? Məgər dünyada bu xəbərləri yazmırlar, Bəhram Bağırzadə nədən narzıdır,mən bilmirəm. Bizim işimiz xəbər verməkdir, informasiya daşıyıcılarıyıq. Bu gün Azərbaycan mətbuatı həqiqəti bacardığı qədər ifadə edir. Mətbuatdan bundan artığını tələb etmək yersizdir. Mətbuat bütün sahələrdən bir addım öndədir".
Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov:
"Bəhram Bağırzadənin statusunu çox uğursuz hesab edirəm. Çünki o, kifayət qədər tanınmış simadır və hər hansı bir mövqeyi istər istəməz müzakirə olunur. Cəmiyyətin danışan dili olan jurnalistlər haqqında belə bir qərəzli mövqe ortaya qoyması anlaşılmazdır. Digər tərəfdən, isə jurnalistlərin, sənət adamlarının xəstələnməsi, hər hansı bir şəkildə onlara ehtiyac olanda gündəmə gətirilməsi bütün dünyada normaldır. Mətbuatın işi budur. Mətbuatın işinə bu müdaxilə nəyə lazımdır, başa düşmürəm.
Bəhram Bağlırzadənin özünün maddi vəziyyəti pis olanda bilirəm ki, mətbuata qonorar hesabına yazılar yazıb, dolanana adamdır. İndi bu gün belə bir mövqe ortaya qoymasının səbəbini bilmirəm. Onun mövqeyini çox uğursuz və lazımsız hesab edirəm. Düşünürəm ki, mütləq fikirlərində korrektə etməlidir.
Bəhram Bağırzadə “Neftçi” idman klubunun müşahidə şurasında idi və həmin vaxtda jurnalistlər bunu xəbərə çevirəndə qərəzli mövqe nümayiş etdirmişdi. Görünür ki, hansısa jurnalist olan şəxslərlə aralarında xoşagəlməz hadisə baş verib, amma bunu ümumi jurnalistlərə şamil etmək hər hansı tanınmış, maraqlı personaya yaraşan hərəkət deyil. Eyni zamanda demək istəyirəm ki, Bəhram özü jurnalistikadan çörək yemiş adamdır və insan çörək yediyi yerə təpik atmalı deyil”.
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov:
“Məşhur şəxsin xəstəliyi haqqında informasiya yaymaqda heç bir qəbahət yoxdur. Bu, bütün dünya mediasında mövcud olan bir praktikadır. Biz bunu həm Rusiya, həm Avropa, ABŞ, Türkiyə mediasında görürük. Məşhur sənətkarlar çətin vəziyyətə düşəndə, ağr xəstəlikdən əziyyət çəkəndə bu, ictimailəşdirilir, yayılır. Ona kömək edənlər tapılır, dövlət özü məsələyə qarışır. Buna görə jurnalistləri təhqir etmək qətiyyən düzgün deyil. Əgər jurnalistləri təhqir etmək üçün Bəhrama əsas lazımdırsa, mən ona daha ciddi əsaslar göstərə bilərəm. Hansı müğənninin sinəsi açıldı, hansı müğənninin ətəyi qısa oldu, filan müğənni toyundan iki ay sonra hamilədir. Belə xəbər yayanları qınasa, mən də ona qoşulub qınayaram. Amma hamının sevdiyi bir sənətkarın xəstəliyi haqqında informasiya yayılıbsa, birda təhqir edilməli qınanmalı heç nə yoxdur.
Ola bilsn ki, hansısa başqa məsələyə görə jurnalistlərə hiddəti var imiş, sadəcə olaraq bu xəbər fonunda hiddətini büruzə verib. Amma məhz bu hadisə jurnalistləri qınamaq üçün əsas ola bilməz.
Biz bu xəbəri vermişik və orda heç bir qəbahət yoxdur. Eyni zamanda bunu sevincək bir tərzdə, yaxud hay küy qoparıb yazmamışıq. Biz bunu təəssüf doğuraraq, sevimli aktyorun səhhətindən narahatlıq keçirərək yazmışıq. İfadə təzindən isə çox şey asılıdır”.
1news.az