AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları sentyabrın 19-da İkinci Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini ehtiramla andılar və məzarı önünə əklil qoydular.
1news.az-a AMEA Şərqşünaslıq İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, institutunun direktoru Gövhər Baxşəliyeva çıxış edərək 25 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi 53-illik həyat yolunda həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını qeyd etdi.
G.Baxşəliyeva Aida xanımın elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açdı, onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini vurğuladı. Gövhər xanım Aida İmanquliyevanın itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd etdi.
Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi Laura Orucova Aida İmanquliyevanın Azərbaycan elmində qoyduğu izdən söz açdı və bu gün də həm ölkəmizdə, həm də xaricdə görkəmli alimin elmi yaradıcılığının öyrənildiyini bildirdi, onun ərəb məhcər ədəbiyyatının tədqiqi sahəsində açdığı elmi yolun davamçılarından danışdı.
S.Xankişiyeva