Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirli bilinən azərbaycanlı Anar Allahverənov hüquq-mühafizə orqanlarına təslim olub.
1news.az RİA-Novosti-yə istinadla xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin Xabarovsk vilayəti ofisindən məlumat verilib.
Daha əvvəl onun barəsində beynəlxalq axtarış elan edilmişdi və qiyabi həbs qərarı çıxarılmışdı. Məlumata görə, o, hüquq-mühafizə orqanlarına günahını etiraf edib.
Xatırladaq ki, avqustun 20-də qarışıq döyüş növləri ilə (MMA) məşğul olan Anar Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçov arasında Xabarovsk şəhərinin "Qalereya" kafesində baş verən mübahisə dava ilə nəticələnib. Ağır kəllə-beyin travması alan A. Draçov xəstəxanada keçinib, A. Allahverənov isə hadisə yerindən qaçıb.
1news.az