“ABŞ üçün təhdidlər davam edərsə, Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz qalmayacaq”.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edərkən deyib.
D. Tramp qeyd edib ki, "raket adam" ( Kim Çen In ) öz rejimi və özü üçün sui-qəsd hazırlayır: “ABŞ-ın çox səbri var, güclüdür, ancaq bizim özümüzü, ya da mütəffiqlərimizi müdafiə etməyə məcbur qoyarlarsa, Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq. ABŞ hazırdır, hətta buna qadirdir, amma ümid edirik ki, buna ehtiyac qalmayacaq”.
ABŞ dövlət başçısı deyib ki, artıq Şimali Koreyanın nüvəsizləşdirmədən başqa bir əlacının qalmadığını dərk etmək vaxtı çatıb.
BMT Təhlükəsizlik Şurası tərəfindən Şimali Koreya ilə bağlı qətnamə qəbul edildiyini xatırladan D.Tramp deyib ki, Pxenyana qarşı daha geniş tədbirlər görülməlidir: “Çin və Rusiyaya sanksiyalarda dəstəyə görə təşəkkür edirəm. Amma bunu daha da genişləndirmək lazımdır. Bütün dövlətlərin birgə fəaliyyət göstərməsinin zamanı yetişib. Düşmən davranışları dayandırılanadək Kim Çen In rejimini sıxışdırmalı və təcrid etməliyik”.
Qeyd edək ki, Şimali Koreya rəhbərliyi ABŞ-ı nüvə silahı ilə təhdid edib. Belə ki, Şimali Koreya rəhbərliyi mətbuata açıqlamasında ABŞ-ın hər hansı hücum cəhdinə Şimali Koreya “nüvə hücumu” ilə cavab verəcəyini bildirib.
Şimali Koreyanın müdafiə naziri Pak Yonq-Sık ölkənin təhlükəsizliyini qorumaq üçün hər cür addım atmağa hazır olduqlarını açıqlayıb. Nazir deyib ki, ABŞ Şimali Koreyanı nüvə silahı ilə təhdid etməkdən əl çəkməsə, Şimali Koreya ordusu heç bir xəbərdarlıq etmədən Amerikanın “ürəyinə” ən geniş nüvə zərbəsi endirəcək: "Dünyada ABŞ deyilən yerdən heç bir iz də qalmayacaq".
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Şimali Koreyaya qarşı qəbul edilmiş qətnamə Pxenyanın ixrac və idxal imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
1news.az