Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının İqtisadi Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzi arasında İKT avadanlıqlarının təhvil verilməsi barədə aktın imzalanma mərasimi keçirilib.
1news.az-a Təhsil Nazirliyindən verilən xəbərə görə, İKT avadanlıqlarının təhvil verilməsi barədə aktı Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri Heydər Əsədov və Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinxua imzalayıb.
2016-cı ilin dekabr ayında bağlanmış müqaviləyə əsasən, Çin Xalq Respublikası Hökumətinin texniki yardımı hesabına tədris prosesində istifadə olunması məqsədilə Təhsil və Kənd Təsərrüfatı Nazirliklərinə 21000 ədəd noutbuk, elektron lövhə, proyektor, printer və digər İKT avadanlıqları təqdim edilib.
Təhsil müəssisələri üçün nəzərdə tutulan avadanlıqların verilməsinin əsas məqsədi təhsil sistemini müasirləşdirmək, beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, təhsil müəssisələrində İKT-nin tətbiqini genişləndirmək və region məktəblərinin İKT avadanlıqlarına olan ehtiyacını təmin edərək əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanını yaratmaqdır.
S.Xankişiyeva