Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) aid 107.7 FM dalğasında yayımlanan “Avto Radio”nun idarəçiliyi “Beat Group” şəbəkəsinə verilib.
1news.az xəbər verir ki, radionun rəhbəri Cavid Nemətzadə APA-ya açıqlamasında bildirib ki, müvafiq qərar menecment (NİİM - red.) tərəfindən qəbul olunub.
“Beat Group” tərəfindən verilən qərara əsasən, radionun adı dəyişərək “Avto FM” olub. Xatırladaq ki, “Avto Radio”dan öncə də radionun adı “Avto FM” idi. Yeni idarəçilərin qəbul etdiyi digər qərara əsasən, efir formatında da dəyişiklik olub. Belə ki, “Beat Group” daha çox hit mahnılara üstünlük verir.
C. Nemətzadə bildirib ki, qəbul olunan qərarla razılaşmayan radionun əməkdaşları işdən könüllü şəkildə ayrılıblar: “Kollektivimiz 15 nəfərdən ibarət idi. Onlardan 12-si işdən çıxıb. Mən də bu 12 nəfərin arasındayam. Buna baxmayaraq, yeni layihənin müəlliflərinə uğurlar arzu edirəm”.
1news.az