Prezident İlham Əliyev sentyabrın 18-də Nyu-Yorkda Amerika Yəhudi Təşkilatının, Dünya Yəhudi Konqresinin, “Bnai Brith International”ın , Avrasiya Yəhudilərini dəstəkləyən Milli Koalisiyanın, Şimali Amerika Yəhudi Federasiyalarının, Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının, “Vaad L`Hatzolas Nidchei Yisroel” yəhudi təşkilatının rəhbərlərinin daxil olduğu Amerika yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı vitse-sədri, baş icraçı direktoru Malkolm Honlayn nümayəndə heyətinin təmsil etdiyi təşkilatların Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiklərini dedi. O, Bakıda Prezident İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, Azərbaycanın müasir və sürətlə inkişaf edən bir ölkə kimi onlarda böyük təəssürat doğurduğunu bildirdi. Malkolm Honlayn Azərbaycan ilə ABŞ, eləcə də Azərbaycan ilə İsrail arasında yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu məmnunluqla qeyd etdi.
Prezident İlham Əliyev görüşdə iştirak edən yəhudi təşkilatları rəhbərlərinin bir çoxunun Azərbaycanda olduğunu vurğulayaraq, ölkəmizin əldə etdiyi nailiyyətlərdən onların məlumatlı olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanda gedən inkişaf prosesləri barədə məlumatların yayılmasının önəmini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini dedi, Azərbaycan-İsrail əlaqələrinin inkişafından məmnunluğunu ifadə etdi.
Söhbət zamanı Amerika yəhudi təşkilatlarının rəhbərləri Azərbaycanda digər icmalar kimi, yəhudi icmasının da qarşılıqlı anlaşma və əmin-amanlıq şəraitində yaşaması üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Onlar Azərbaycanda sabitliyin və təhlükəsizliyin yüksək səviyyədə olduğunu dedilər, ölkəmizin multikulturalizm və tolerantlıq siyasətinə sadiqliyini yüksək qiymətləndirdilər.
Görüşdə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər, Azərbaycanın iqtisadi inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
1news.az