Sentyabrın 18-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında “BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək” adlı yüksək səviyyəli tədbir keçirilib.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Yüksək səviyyəli tədbirdə ABŞ Prezidenti Donald Tramp çıxış edib.
BMT-də islahatlara ehtiyacın olduğunu deyən ABŞ Prezidenti Donald Tramp qurumun baş katibi Antonio Quterreşin bu istiqamətdə səylərini yüksək qiymətləndirib. D.Tramp vurğulayıb ki, bürokratiya və qeyri-səmərəli idarəçilik BMT-yə tam gücü ilə çalışmağa imkan vermir.
BMT-nin Baş katibi Antonio Quterreş dünyada çoxlu sayda insanların münaqişələrdən, aclıqdan əziyyət çəkdiklərini bildirib. “Bu insanların yardımımıza ehtiyacı var. Biz qurumda ciddi islahatlar həyata keçirməli, işimizi daha səmərəli icra etməliyik. Biz qlobal təşkilatıq və insanların bizə olan etimadını doğrultmalıyıq”, - deyə A.Quterreş vurğulayıb.
1news.az