Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 2017-2018-ci tədris ili üçün I sinfə şagird qəbulunun III mərhələsinə start verilib.
1news.az-a Bakı Təhsil İdarəsindən verilən məlumata görə, bu mərhələ üzrə uşaqların elektron qeydiyyatı valideynin (qanuni nümayəndənin) üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərməklə BŞTİ-yə yazılı müraciəti əsasında sentaybrın 16-dan oktyabrın 15-dək aparılır. Həmin müddətdən sonra müraciətlər qəbul olunmayacaq.
Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim etməlidirlər. Sənədlər qəbul olunduqdan sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.
Qeyd edək ki, paytaxtın ümumi təhsil məktəblərində 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulu bu il martın 15-dən başlayıb. Bu vaxtadək proses artıq 2 mərhələdə həyata keçirilib. Dərslərin başlanmasına baxmayaraq, üzrlü səbəblərdən gecikən valideynlərin müraciətlərinin davam etdiyi nəzərə alınaraq, uşaqların I sinfə qəbulu üzrə elektron qeydiyyatın və məktəblərdə sənəd qəbulunun oktyabrın 15-dək aparılmasına dair qərar verilib.
Sentyabrın 18-nə olan məlumata əsasən isə, BŞTİ-nin nəzdindəki ümumi təhsil müəssisələrinin I sinfində 46951 şagird təhsil alır.
1news.az