Sentyabrın 12-də İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında olub.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, səfir rektor Nərgiz Paşayeva ilə görüşüb, universitetin fəaliyyəti, tədris planı və özəllikləri barədə məlumat alıb.
Görüş zamanı İsveçrə universitetləri ilə MDU Bakı filialı arasında əməkdaşlıq imkanları da müzakirə olunub. Səfir universitetin müasir təhsil metodları, tələbələr və müəllim heyəti üçün yaradılan şəraitdən məmnunluğunu bildirib və qeyd edib ki, hətta İsveçrə universitetlərinin bir çoxunda belə şərait mövcud deyil.
Xanım N.Paşayeva təhsilin, o cümlədən təhsil sahəsində mübadilənin gənc nəslin yetişməsində oynadığı əhəmiyyətli rolunu vurğulayıb, universitetin son illərdəki nailiyyətləri barədə danışıb.
Bununla yanaşı, tərəflər gələcəkdə İsveçrə səfirliyi ilə MDU Bakı filialı arasında birgə layihənin həyata keçirilməsi haqqında müzakirələr aparıb.
S.Xankişiyeva