Sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilir.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Sonra Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxudu.
Böyük Britaniyanın Baş naziri xanım Tereza Meyin təbrik məktubunu isə Birləşmiş Krallığın dövlət naziri Alan Dunkan oxudu.
Gürcüstanın energetika naziri Elia Eloşvili Baş nazir Giorgi Kvirikaşvilinin təbrik məktubunu oxudu.
Sonra Yaponiyanın xarici işlər nazirinin müavini Manabu Hori və BP şirkətinin baş icraçı direktoru Robert Dadli çıxış etdilər.
Çıxışlardan sonra BP şirkətinin sifarişi ilə hazırlanmış və Azərbaycanda neft strategiyasının uğurla həyata keçirilməsini əks etdirən film nümayiş olundu.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və nümayəndə heyətləri başçılarının iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş imzalandı.
Sonda xatirə şəkli çəkdirildi.
S.Xankişiyeva