Gürcüstanda “Qurani-Kərim”in Azərbaycan və gürcü dillərində tərcüməsi yenidən çap olunub. Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sifarişi və dəstəyi ilə çap olunan müqəddəs kitab dini məktəblərə və məscidlərə, həbsxanalardakı dini ibadət yerlərinə, eləcə də maraqlananlara pulsuz paylanacaq.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlki nəşrdən fərqli olaraq yeni kitabda mətn ərəbcə verilir, haşiyələrdə isə tərcümələr qeyd olunur.
Azərbaycan dilində nəşr olunan “Qurani-Kərim”in tərcüməsi akademik Ziya Bünyadov və Vasim Məmmədəliyevə, gürcü dilinə tərcüməsi isə Rezo Mikeladzeyə məxsusdur.
Qeyd edək ki, ötən il Ağabala Mehdiyev və Dürdanə Cəfərlinin tərcümə etdikləri 1200 səhifədən ibarət “Qurani-Kərim” 3 min nüsxədə çap edilərək Gürcüstanda yaşayan müsəlmanlara pulsuz təqdim olunmuşdu.
1news.az