Əlavə tədris materiallarının çoxluğu təbii ki, uşaqların inkişafını təmin edir. İbtidai siniflərdə “İş dəftəri”nin alınması ilə bağlı heç bir məcburiyyət yoxdur. Bəzi hallarda uşaqlara iş zamanı müəllimlər öz yanaşmalarından istifadə edirlər.
1news.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, cəmiyyətdə olan narazılığı aradan qaldırmaq üçün bu il təhsil idarəsinin tabeliyindəki Təlimə Dəstək Mərkəzi nəinki ibtidai sinif, ümumiyyətlə bütün fənlər üzrə müəllimlərin fəaliyyətini istiqamətləndirəcək.
O bildirib ki, Azərbaycanda son 3 ildə I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi bir çox məsələnin həllinə müsbət təsir edir.
Məhəbbət Vəliyeva Bakı məktəblərinin 85 faizində isə heç bir sıxlıq müşahidə olunmadığını və valideynlərin uşaqlarını istədikləri məktəbə yerləşdirdiklərini diqqətə çatdırıb. “45 mindən artıq uşaq artıq məktəblərə sənədlərini təqdim edib, 46 mindən çox uşağın yeni tədris ilində birinci sinfə qəbulu proqnozlaşdırılır”, - deyə M.Vəliyeva qeyd edib.
İdarə müdiri onu da deyib ki, ötən illərdən fərqli olaraq, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə rus dili müəllimlərinin nəticələri daha yüksək olub.
1news.az