Rusiyanın NTV telekanalında yayımlanan “Tı super” (Sən supersən) beynəlxalq rəqs müsabiqəsinə qatılan 16 yaşlı azərbaycanlı iştirakçı Abbasqulu Səfərov öz çıxışı ilə münsiflər heyətini heyrətləndirib.
1news.az “Vestikavkaza” saytına istinadla xəbər verir ki, Bakıdakı internat məktəbinin şagirdi “Məzəli” milli rəqsimizi uğurla yerinə yetirərək müsabiqənin ikinci mərhələsinə çıxıb.
Onun rəqsini tamaşaçıları və münsiflər heyəti o dərəcədə bəyəniblər ki, rəqsini təkrarlamasını xahiş ediblər.
Münsiflər heyətinin bütün üzvləri - xoreoqraf və rejissor Yeqor Drujin, balerina və Böyük Teatrın aparıcı solisti Kristina Kretova, xoreoqraf Yevgeni Papunaişvili, teatr və kino aktyoru Anastasiya Zavorotnyuk A.Səfərovun növbəti mərhələyə keçməsi üçün yaşıl işıq yandırıblar.
Seçmə mərhələdə gənc rəqqası tanınmış kino və teatr rejissoru, KVN-nin münsiflər heyətinin daimi üzvü, Rusiyanın əməkdar incəsənət xadimi Yuli Qusman dəstəkləyib.
"Mən hər kəsi təbrik edirəm. Siz hər biriniz Azərbaycan xalq rəqsi atmosferinə qərq oldunuz”, Qusman deyib.
Qeyd edək ki, "Sən supersən! Beynəlxalq rəqs müsabiqəsi valideyn himayəsindən məhrum edilmiş istedadlı gənclərə özlərini təqdim etmək imkanları verir. Burada Rusiya, MDB və Baltikyanı ölkələrin müxtəlif yerlərindən uşaq evlərindən, internat-məktəblərdən və övladlığa götürülmüş uşaqlar iştirak edirlər.
Müsabiqədə Azərbaycanı Abbasqulu Səfərov, İlkin Hüseynov, Sevinc Behbudova və Sevda Fətullayeva təmsil edir.
P.Sultanova