“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi yeni dərs ilinin başlaması ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, yeni dərs ilində sərnişinlər rahat və ucuz nəqliyyat vasitəsi kimi dəmir yolunun xidmətlərindən istifadə edəcək.
Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Yeni dərs ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına tələb olunan sayda vaqonun qoşulması təmin edilir.
QSC sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.
1news.az