Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin Polşa-Ukrayna sərhədini qatarla keçmək cəhdi baş tutmayıb.
1news.az RİA Novosti-yə istinadən məlumat verir ki, Saakaşvili Polşanın Pşemıslye yaşayış məntəqəsində qatardan düşürülüb.
Ukrayna vətəndaşlığından məhrum edilmiş M. Saakaşvili yenidən öncəki planına qayıdıb və sərhədi avtomobil sərhəd-keçid məntəqəsindən keçməyə qərar verib.
Saakaşvilinin tərəfdarları onu “Krakoveç” sərhəd-keçid məntəqəsində qarşılamaq üçün Mostiska yaşayış məntəqəsinə toplaşıblar. M. Saakaşvili keçirdiyi mətbuat konfransında deyib ki, qanuni yolla Ukrayna ərazisinə daxil olmağa çalışacaq:
“Bunun üçün mənə ukraynalı sərhədçilərlə əlaqə yaratmaq lazımdır. Dəmir yol vağzalında bunu etmək mümkün olmadı. ”.
Qeyd edək ki, M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərar Saakaşvilinin Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılmağa çalışılıb. Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb.
1news.az