AFFA Rusiya Futbol İttifaqına (RFS) etiraz məktubu göndərib.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Milli Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu bildirib ki, rəsmi etiraz Rusiya II Liqasının Mərkəz zonasında VIII turun "Ararat" - "Ryazan" oyunu zamanı Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağ"ının nümayiş etdirilməsi ilə əlaqədardır.
M.Nərimanoğlu deyib ki, məktubda fakt qəti şəkildə pislənilib və RFS-dən faktla əlaqədar tədbir görülməsi xahiş olunub.
Qeyd edək ki, ermənilərə məxsus komandanın fanatları "Ryazan"la oyun zamanı tribunada Ermənistan və qondarma qurumun bayraqlarını yanaşı asıblar. Halbuki, FİFA və UEFA-nın müəyyənləşdirdiyi qaydalara əsasən, oyunlar zamanı tanınmamış respublikaların bayraqlarının stadionlara keçirilməsi qadağandır.
S.Xankişiyeva