Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin sentyabrın 7-də səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, buna səbəb yay fəslinin çox quraq keçməsi və ölkə ərazisinə daxil olan güclü şimal-qərb küləyinin təsiri nəticəsində yerin üst qatında olan tozun atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Müşahidə olunan toz tranzit gətirmə deyil.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə günorta və axşam saatlarına doğru tozun havada miqdarının sanitar normadan 30-40 faiz artıq olduğu qeydə alınıb.
1news.az