Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabr ayının 7-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Axşama doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimal olunur.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25, günün birinci yarısında 31-33, axşam 24, Bakıda gecə 23-25, günün birinci yarısında 31-33, axşam 24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 753 mm civə sütunundan 762 mm civə sütununadək yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 7-də səhər şimal və şərq rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, axşam ayrı-ayrı yerlərdə yağışın intensivləşəcəyi, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Meteoroloqların xəbərdarlığına görə, bir neçə gün davam edən isti hava şəraitindən sonra sentyabrın 7-si gündüzdən sentyabrın 8-i səhərədək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı düşəcək.
Sentyabrın 7-si gündüzdən sentyabrın 8-i gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 7-si gündüzdən sentyabrın 8-i səhərədək Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Babək Cahandarov