Dini liderlərin istənilən görüşü sülh prosesinin surətləndirilməsinə istiqamətlənib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Eçmiədzin kilsəsinin mətbuat katibi Ter Vaqram Melikyan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qaregin arasında planlaşdırılan görüş barədə danışarkən deyib.
Onun sözlərinə görə, Rusiyanın da dini liderinin iştirakı ilə Moskvada keçiriləcək üçtərəfli görüşün bir məqsədi var: regional problemlərin və sülh quruculuğu məsələlərinin müzakirəsi:
"Görüşün gündəliyində sülhün vacibliyi, tam regional inkişaf və bölgədəki xalqların sülh içində birgəyaşayışı dayanır".
Dini liderlərin münaqişələrin həllində roluna gəlincə, Melikyan bildirib ki, qarşıdakı əsas vəzifə dialoq üçün uyğun bir atmosfer yaratmaqdır:
"Əgər bizim xalqlarımızda tolerantlıq ruhu yaranmasa, münaqişə əsrlər boyu davam edəcəkdir. Bu ruhun formalaşdırılması vacibdir. Onun mövcudluğu şəraitində münaqişənin sülhlə həlli yolunu tapmaq olar. Dini liderlərin rolu siyasi qərarların qəbul edilməsində iştirak, yaxud ona təsir etmək deyil, iki xalqı dialoqa çəkmək üçün atmosferin qurulmasıdır”.
Onun sözlərinə görə, əgər daim nifrət və düşmənçilik müşahidə olunursa, o zaman sülh yaradıla bilməz: “Bu gün militarist bəyanatlar səsləndiyi şəraitdə belə dini liderlərin görüşü vacibdir”.
Qeyd edək ki, dini liderlərin üçtərəfli görüşü sentyabarın 8-də Moskvada vaş tutacaq.
P.Sultanova