Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə “Imza Group” MMC arasında əməkdaşlıq çərçivəsində “100 uğurlu imza” birgə təlim layihəsi həyata keçirilib.
1news.az xəbər verir ki, təşkilatlar arasında əldə edilmiş razılığa əsasən, əməkdaşlıq layihəsinin mühüm komponentlərindən biri Tədris Mərkəzində ACCA sertifikatlaşdırma imtahanlarının təşkili olub. Vergilər Nazirliyinin Tədris Mərkəzi ACCA sertifikatlaşdırma imtahanlarının təşkili üçün müvafiq lisenziyaya malikdir və ölkəmizdə peşəkar mühasiblər üçün beynəlxalq sertifikat hesab edilən bu imtahanları təşkil edir.
Sentyabrın 5-də keçirilən ilk ACCA sertifikat imtahanının ilkin mərhələsində 30 nəfər iştirak edib. İmtahanlar onlayn şəkildə və ingilis dilində aparılıb.
İmtahanla bağlı Tədris Mərkəzində keçirilən, Tədris Mərkəzinin rəisi Əli Həsənov, “İmza Group”un nümayəndələri və sertifikasiya təlimlərinin digər təşkilatçıları iştirak etdiyi tədbirdə bildirilib ki, Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə “Imza Group” MMC arasında imzalanmış Memoranduma əsasən, bu qurumlar vergi qanunvericiliyi üzrə təlim materiallarının hazırlanması, vergi ödəyiciləri arasında maarifləndirmə işini təşkil etmək üçün tədbirlərin keçirilməsi, müvafiq sahələr üzrə birgə konfrans, seminar, təlim və görüşlərin keçirilməsi və müvafiq sahələr üzrə konsaltinq və digər xidmətlərin göstərilməsi istiqamətində əməkdaşlıq edirlər.
Qeyd edilib ki, ACCA mərkəzi Londonda yerləşən, 1904-cü ildən bəri fəaliyyət göstərən, müxtəlif dünya ölkələrindən 188000 üzvü olan nüfuzlu bir təşkilatdır. Həmin təşkilatın təşkil etdiyi imtahanlardan uğurla keçmiş şəxslərə verilən sertifikatlar dünya ölkələrinin əksəriyyətində tanınır.
1news.az