28-30 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” sərgisi keçiriləcək.
Sərginin təşkilat komitəsindən 1news.az-a verilən məlumata görə, artıq neçənci ildir ki, sərgi tibb müəssisələrinin əməkdaşları, müasir tibbi avadanlıqların təchizatçıları və əczaçılar arasında peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün unikal bir platformadır.
“BIHE” sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.
Məlumata görə, hazırda, payız sərgi mövsümünü açacaq sərgiyə hazırlıq istiqamətində fəal iş aparılır. Bu tədbirə 100-dən artıq iştirakçının, o cümlədən Azərbaycan, Almaniya, ABŞ, Belarus, Çin, Hindistan, İtaliya, İran, İsveçrə, Litva, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətlərin qatılacağı gözlənilir.
Sərgidə xarici şirkətlərlə yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların aparıcı yerli distribyutorları da iştirak edəcək. Yerli distribyutorlar arasında “BTL Industries”, “Labservis”, “Planeta” və digər şirkətlər yer alır.
Bu il iştirakçılar sərgidə tibb və laboratoriya avadanlıqları (cərrahiyyə əməliyyatı masası üçün tibbi avadanlıqlar, plastik cərrahiyyə üçün lazer avadanlıqları), dərman preparatları, tibbi alətlər, eləcə də əczaçılıq avadanlıqları təqdim edəcəklər.
“BIHE” sərgisi ilə paralel olaraq 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2017” sərgisi keçiriləcək.
Sərgini geniş işgüzar proqram müşayiət edəcək, belə ki, sözügedən sərgi çərçivəsində ilk dəfə olaraq həkimlər üçün konqresin keçirilməsi planlaşdırılır. Konqres səhiyyənin müxtəlif sahələrində çalışan aparıcı həkimlərin iştirakı ilə bir neçə panel müzakirəsindən ibarət olacaq.
Təşkilatçılar sərginin ikinci iş günündə eksponentlərlə yerli istehsalçı və distribyutorlar arasında vorkşop keçirəcəklər və bu vorkşop bazar iştirakçıları arasında birbaşa görüş və danışıqlar üçün əlavə və səmərəli işgüzar platformaya çevriləcəkdir.
Vorkşopun keçirilməsində məqsəd sərgi iştirakçılarının yerli şirkətlərlə səmərəli işgüzar əlaqələr qurmasına, ziyarətçilərin isə öz distributor şəbəkələrini genişləndirməsinə kömək etməkdir.
Babək Cahandarov