Sabahdan Azərbaycanda təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsinə başlanacaq.
1news.az APA-ya istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov təhsil işçilərinin 2017-ci il sentyabr konfranslarının keçirilməsi haqqında müvafiq əmr imzalayıb. Əmrə əsasən, konfranslar 2017-2018-ci dərs ilində ümumi təhsil sahəsində qarşıda duran aktual vəzifələri müzakirə etmək və müvafiq təkliflər hazırlamaq məqsədilə təşkil olunacaq.
Ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları 5-12 sentyabr tarixlərində keçiriləcək. Konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində təşkil ediləcək. Konfransların plenar iclaslarında “2016-2017-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilərək müzakirə olunacaq.
Rayon (şəhər) təhsil şöbələrinə (idarələri) tapşırılıb ki, plenar iclaslarda məktəb direktorlarının, seçmə yolla direktor müavinləri və qabaqcıl müəllimlərin, təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş, qızıl və gümüş medalla təltif olunmuş, yüksək balla ali məktəblərə daxil olmuş məzunların, habelə aidiyyəti təşkilatların, eləcə də QHT-lərin nümayəndələrinin iştirakını təmin etsinlər, plenar və metodik bölmə iclaslarında irəli sürülmüş təklifləri ümumiləşdirib sentyabrın sonunadək Təhsil İnstitutuna göndərsinlər.
Metodik bölmə iclasları isə məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar, fənlər üzrə metodbirləşmə rəhbərləri, məktəb kitabxanaçıları, praktik məktəb psixoloqları və uşaq birliyi təşkilatı rəhbərləri üçün təşkil ediləcək.
1news.az