Görülən işlər barədə fövqəladə hallar naziri mütəmadi məlumatlandırılır
Avqustun 28-də Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşə ərazisində başlamış yanğın davam edir.
1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən, Mülki müdafiə qoşunlarından, Xüsusi Riskli Xilasetmə Xidmətindən, Aviasiya dəstəsindən və Şimal-qərb Regional Mərkəzindən, ümumilikdə, 500 nəfər şəxsi heyət, 25 ədəd texnika və 1 ədəd yanğınsöndürmə helikopteri yanğının söndürülməsinə cəlb olunub.
Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin 50 nəfər canlı qüvvəsi, Rayon İcra Hakimiyyətinin 19 ədəd müxtəlif təyinatlı texnikası və yaxın yaşayış məntəqələrinin əhalisindən ibarət könüllü dəstələr yanğının söndürülməsi işlərində iştirak edirlər. Cəlb olunmuş qüvvələrin operativ və effektli idarə edilməsi üçün əməliyyat qərargahı yaradılıb. Əməliyyat qərargahına fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev rəhbərlik edir. Görülən işlər barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mütəmadi məlumatlandırılır.
Ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən, eləcə də havanın isti və küləkli olması yanğının söndürülməsinə çətinlik yaradır. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Qeyd edək ki, yanğın başlayandan etibarən Fövqəladə Hallar Nazirliyi vəziyyət barədə özünün rəsmi internet informasiya portalında (fhn.gov.az) məlumat yerləşdirməklə ictimaiyyəti mütəmadi məlumatlandırır.
Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək Nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır və bu cür məlumat yayanlara diqqətli olmağı, yaranmış vəziyyətə həssaslıqla və anlayışla yanaşmağı tövsiyyə edir.
Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
S.Xankişiyeva