Avqustun 30-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qaradağ rayonu Ümüd qəsəbəsi ərazisində partlamamış hərbi sursatın olması barədə məlumatlar daxil olub.
ANAMA-nın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə Norm Sement zavodunun ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd partlamış top mərmisinin başlıq hissəsi götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Bundan başqa, avqustun 31-də Agentliyə paytaxtın Xətai rayonu, NZS qəsəbəsi ərazisində minaatan mərmisinin olunması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə Aşıq Qurban küçəsi 25 ünvanına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 30 avqust 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 11 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 168 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, Norm Sement zavodunun ərazisinə, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib.
Keçirilmiş baxışlar zamanı 6 804 ədəd partlamamış hərbi sursat, 197 ədəd tank əleyhinə mina və 31 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 704 317 kv.m ərazi (726 533 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 257 644 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Babək Cahandarov