“Galaxy Note 8”in displeyi dünyada ən yaxşı ekran seçilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Samsung”un smartfonlarında ən qabaqcıl komponentlərdən istifadə edilməsi faktını inkar etmək olmaz. Bu, xüsusilə displeylərə aiddir. İstehsalçının displeyləri dəfələrlə ən yaxşı displey adına layiq görülüb. Şirkət müntəzəm olaraq daha qabaqcıl ekrana malik yeni model təqdim edir. “Galaxy Note 8” cihazlarında da bu ənənə qorunub saxlanılıb. Yeni qurğunu sınaqdan keçirmiş nüfuzlu “DisplayMate” nəşrinin mütəxəssisləri bildiriblər ki, smartfonda ən yaxşı displey qurulub.
“Samsung Galaxy Note 8” smartfonu 2960x1440 piksel təsvir ölçülü və “Super AMOLED” texnologiyası üzrə hazırlanmış tərəflər nisbəti 18,5:9 olan 6,3 düymlük ekranla təchiz edilib. İlk baxışdan elə təsəvvür yaranır ki, matris “Galaxy S8” və ya “Galaxy S8 Plus”da qurulmuş matrisdən az fərqlənir. Amma təcrübədə məlum olub ki, “Samsung” yeni displeyin parlaqlığını 20 faiz artırıb. Belə ki, “Galaxy Note 8” smartfonunda displeyin maksimal parlaqlığı 1200 nit təşkil edir. Müqayisə üçün, “Galaxy S8” qurğusunda bu göstərici 1000 nitdən bir qədər çox, “iPhone 7”də isə 625 nit təşkil edir.
Amma yüksək parlaqlıq “Galaxy Note 8” displeyinin yeganə üstünlüyü deyil. “Samsung”, həmçinin aparat səviyyəsində bəzi təkmilləşdirmələr həyata keçirib ki, bu da daha dəqiq rəngverilişi və rənglərin göstərilməsi üçün bir neçə rejimin dəstəyinə nail olmağa imkan verib.
1news.az