Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayonunda bağlı qalmış qətlin üstü açılıb.
1news.az-ın məlumatına görə, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, cari il martın 22-də səhər radələrində Kürdəmir rayonunun Yenikənd kənd sakini Namiq Qubatovun baş nahiyəsindən aldığı xəsarətlə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi, tibbi personal tərəfindən göstərilən səylərə baxmayaraq orada ölməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar Kürdəmir rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları hadisə yerinə çıxıb, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla N. Qubatovun yaşadığı evdə odlu silahdan açılan atəş nəticəsində qətlə yetirildiyi məlum olub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi, rayon prokurorluğu və Polis Şöbəsi əməkdaşlarının birgə peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin mərhumun həmkəndlisi - əvvəllər oğurluğa, qəsdən sağlamlığa ağır zərərvurmaya görə üç dəfə məhkum olunmuş Rahim Mirzəyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı “TOZ-8” markalı tüfəngdən atəş açaraq törədildiyi müəyyən edilib.
R.Mirzəyev avqustun 26-da polis əməkdaşları tərəfindən saxlanılıb, cinayətin aləti olan silah isə yaşadığı evin həyətində olan tövlədə aşkar edilərək maddi sübut kimi götürülüb.
R.Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Babək Cahandarov