Səhiyyə Nazirliyi yeni tədris ili ərəfəsində məktəblilərin qida gigiyenası qaydalarını açıqlayıb.
1news.az-ın Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tədris ilinin başlanmasından təxminən iki həftə əvvəl uşağı məktəb rejiminə alışdırmaq lazımdır. Yeni dərs ilinə başlayan hər bir uşağın qidalanması, geyinməsi, günlük yuxu rejimi və gigiyenasına diqqət yetirilməsi əsas rol oynayır:
“Bu amillər uşaqların tədrisə həvəsini artırdığı kimi psixologiyası və məktəb fəaliyyətinə də böyük təsir göstərir. Bu baxımdan gün rejiminin düzgün qurulması, xüsusilə uşaqların mövsümə müvafiq geyindirilməsi və məktəb ləvazimatlarının düzgün seçilməsi, məktəblərdə gigiyena qaydalarına düzgün riayət edilməsi, düzgün qidalanmalarına xüsusi diqqət yetirmək lazımdır.
Hər bir uşaq ev yeməklərindən fastfood qidalarına keçdikdə bədəndəki bütün fizioloji proseslərin yenidən qurulması başlayır. Bu baxımdan da uşaqlarda düzgün və tənzimlənmiş qidalanmaya diqqət yetirmək vacibdir. Burada səhər yeməyi xüsusi yer tutur. Səhər isti sıyıqlarla qidalanmaya üstünlük verilməlidir. Səhər qəbul olunan qida orqanizm üçün vacib bioloji komponentlərlə zəngin olmalıdır”.
Məlumatda qeyd olunub ki, dərs ilinin başlanması ilə ortaya çıxan problemlərdən biri də məktəbli çantalarının ağır olmasıdır:
“Uşağın məktəb çantalarının ağırlığı onun çəkisinin on faizinə bərabər olmalıdır. Çantanın ağır olması qamət pozuntularına səbəb olur ki, bu da zahiri görünüşdə yaranan dəyişikliklərlə yanaşı, daxili orqanların da zədələnməsi ilə nəticələnə bilər. Məktəbli çantasının kəməri enli olmalı və hər iki çiyinə geyilməlidir. Bu problemlərdən biri də uşaqların hədsiz isti geyimlərlə geyindirilməsidir. Bu da immun sisteminin zəifləməsi ilə nəticələnir. Yay mövsümü ilə əlaqədar gündəlik rejimin pozulması yaranan problemlərdən biridir ki, burada yuxu əsas rol oynayır”.
Babək Cahandarov