Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, sentyabrın 2-də saat 11.00-da Qurban bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü təşkil olunacaq.
1news.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, həmin gün ziyarətçilər, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.
Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.
1news.az