Sabah ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatacaq.
1news.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu mərhələdə müəllimlərin psixoloji durumu, ümumi dünyagörüşü, praktik, metodik bilikləri yoxlanılır.
Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar namizədlərin şəxsi səhifəsinə göndərilib.
Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmaq üçün kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər sentyabrın əvvəllərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə biləcəklər.
Məlumata görə, avqust ayının 21-dən başlayan müsahibə mərhələsinə 5225 nəfər buraxılıb. Bu günədək 3000-dən çox namizəd müsahibədən keçib.
Komissiya üzvlərindən biri, Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov bildirib ki, müsahibə mərhələsinə gələn bəzi namizədlərin nəzəri biliyi ilə praktik bacarığı uyğun gəlmir:
“Ola bilər ki, şablon suallara cavabları əzbərləyib gəlir, müsahibədə fikrini ifadə edə bilmir. Ən dəhşətlisi isə odur ki, Azərbaycanın müstəqillik tarixinə biganə namizədlərə rast gəldik. Məsələn, 20 Yanvar faciəsindən xəbərsizdirlər. 6-7 namizəd hesab edirdi ki, bu hadisələri ermənilər işğal məqsədilə törədib. Bir neçə gün ərzində bayrağın rənglərinin mənasını bilməyən, işğal altındakı rayonların sayından bixəbər olan kifayət qədər namizəd qeydə alınıb”.
Komissiyalardan birinin üzvü, Təhsil Nazirliyinin Ümumtəhsil sektorunun müdiri Firudun Həmzəyev isə qeyd edib ki, namizədlərin ümumi səviyyəsindən onların hazırlıqlı olduqları hiss edilir:
“Proqram materialları, ixtisasla bağlı və metodiki keyfiyyəti müəyyənləşdirən suallara cavablarından öz üzərilərində işlədikləri görünür. Ancaq əzbərçiliyə yol verdikləri, yaddaş biliyinə əsaslandıqları özünü büruzə verir. Aralarında 10-15 il, hətta məzun olandan müəllim işləməyənlər çoxdur və bu, müsahibə mərhələsində aydın nəzərə çarpırdı. Düşünürəm ki, elələri üçün məktəbdə şagirdlərlə ünsiyyət qurmaq o qədər asan olmayacaq. Namizədin əvvəllər əldə etdiyi bir neçə illik təcrübə müsahibə zamanı dərhal özünü göstərir. Namizədlər nə qədər hazırlaşsalar da, praktik biliyin azlığı, hətta olmaması müsahibə mərhələsində nəzərə çarpır”.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə dörd mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.
Babək Cahandarov