Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər rayonunda keçirdiyi əmliyyatla bağlı məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, 25 Avqust 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Tərtər rayonu Şıxarx qəsəbəsində əl qumbarasının aşkar olunması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş mərminin ətrafında 1 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 25 avqust 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 11 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 168 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib.
Keçirilmiş baxışlar zamanı 6 804 ədəd partlamamış hərbi sursat, 197 ədəd tank əleyhinə mina və 31 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 704 317 kv.m ərazi (726 533 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 257 644 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Babək Cahandarov