Fövqəladə Hallar Nazirliyinin (FHN) Gürcüstana ezam olunmuş qüvvələri onlara həvalə olunmuş sahədə yanğını söndürüblər.
FHN-in mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası onlara həvalə olunmuş Daba kəndi yaxınlığındakı yanğın ocaqlarını söndürüblər.
Hazırda FHN-in bölgəyə cəlb edilmiş qüvvələri onlara həvalə edilən digər yanğın ocaqlarının söndürülməsi istiqamətində yanğınsöndürmə əməliyyatlarını həyata keçirirlər.
Təbii fəlakət zonasına FHN-in 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfərlik canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfərlik heyəti cəlb edilib.
1news.az