Avqustun 24-də Tovuzda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda növbəti seminar-müşavirə keçirilib.
1news.az-ın məlumatına görə, seminar-müşavirədə Dini Qurumlarla İş Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri Təranə Vəliyeva, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, şöbənin əməkdaşları, eləcə də dini icma sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Vəliyeva əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu dövlət-din münasibətləri barədə danışıb. Rayondakı dini durumu təhlil edən T.Vəliyeva dini icma sədrlərinə rayonda dini durumun sabitliyinin qorunması sahəsində daha səmərəli və ardıcıl fəaliyyət göstərmələrini tövsiyə edib.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı məruzəsində bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir.
Səyyad Salahlı bu uzaqgörən təşəbbüsün müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcəyinə əmin olduğunu vurğulayıb. O, eyni zamanda qeyd edib ki, dövlət başçısının uğurlu və məntiqi siyasətinin nəticəsində dini icmalara dövlət tərəfindən ayrılan maddi vəsait dinə dövlət qayğısının bariz nümunəsidir.
Sədr müavini deyib ki, bu sərəncamlar ölkəmizdəki zəngin tolerantlıq ənənələrinin təbliği və təşviqi, dini qurumların fəaliyyətinin dəstəklənməsi baxımından böyük önəm daşıyır.
Seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
1news.az