Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər təşkil olunur.
Mədəniyyət və Turizm Nazirliyindən 1news.az-a verilən məlumata görə, Heydər Əliyev Fondunun və nazirliyin təşkilatçılığı ilə 2017-ci il sentyabrın 18-dən 26-dək Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır.
Festivalda Almaniya, Rusiya, Türkiyə, Gürcüstan, Fransa, Bolqarıstan, Ukrayna, İrandan tanınmış musiqiçilər və kollektivlər, o cümlədən Münxen Simfonik Orkestri, Novosibirsk Filarmonik Orkestri, Rusiya Fortepiano Triosu, Başkənd Akademik Orkestri, Gürcüstan xoru, Eliso Bolkvadze, Plamena Manqova, Sergey Doqadin, Boris Andrianov, Filip Kopaçevski, Ertu Korkmaz, Berdiya Kiyares və başqaları iştirak edəcəklər.
Qeyd edək ki, 2009-cu ildən başlayaraq ölkəmizdə ənənəvi keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.
Festivalın proqramı aşağıda qeyd edilən linkdədir: https://goo.gl/iFPXmi
1news.az