Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev avqustun 25-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 98) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Komitənin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, saat 11:00-da başlayacaq qəbul zamanı bölgədə yerləşən - Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar avqustun 24-ü saat 11:00-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Dövlət Gömrük Komitəsi vətəndaşların işə qəbulla bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, gömrük orqanlarına xidmətə qəbul “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları” əsasında test üsulu ilə həyata keçirilir.
Qeyd edilən fərmana uyğun olaraq “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları gömrük orqanlarında xidmətə qəbul üçün Dövlət Gömrük Komitəsinin internet saytına müraciət edərək elektron şəkildə ərizə daxil etməklə, test imtahanlarında iştirak edə bilərlər.
1news.az