Avqustun 21-də bir gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olan “Şəmkir Aqroparkı”ın Logistika Mərkəzinin təqdimatına və Mərkəzlə tanışlığa həsr olunmuş beynəlxalq konfrans keçirilib.
1news.az-ın məlumatına görə, “AzAqroMarket” MMC-nin texniki dəstəyi ilə keçirilən konfransda müvafiq dövlət qurumları, ali təhsil və elmi tədqiqat müəssisələri, ətraf rayonları təmsil edən fermerlər, aqrar sahədə ixtisaslaşmış aparıcı yerli və xarici şirkətlər iştirak ediblər.
Tədbirdə kənd təsərrüfatı sahəsində həyata keçirilən dövlət siyasəti, kənd təsərrüfatı məhsullarının istehsalı və emalının stimullaşdırılması, ixracın düzgün formalaşdırılması və Azərbaycan kəndlilərinin istehsal etdiyi məhsulların ölkə hüdudlarından kənara çıxarılması, rəqabət qabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı mallarının istehsalına dövlət dəstəyi məsələləri haqda çıxışlar dinlənilib.
Bildirilib ki, dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin Azərbaycan iqtisadiyyatına təsirinə baxmayaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik islahatlar sayəsində ölkə iqtisadiyyatı öz dayanıqlılığını möhkəmləndirir.
Ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektorunun inkişafında son illər ərzində mühüm nailiyyətlər əldə olunub, iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunun inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olub.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflərin müəyyən edilməsi və institusional dəyişikliklərin həyata keçirilməsi, dövlət dəstəyinin gücləndirilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin güclü təməlini qoyub. Belə ki, kənd təsərrüfatında məhsuldarlığın artırılmasına nail olmaq üçün fermerlərə dövlət tərəfindən dəstək verilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” aqrar sektorda istehsalın artırılması, kənd təsərrüfatı istehsalçılarının qarşılaşdığı problemlərin həllinə nail olunması, bu sahənin ixrac imkanlarının gücləndirilməsi üçün dövlət tərəfindən ciddi dəstək verilməsini nəzərdə tutur. Bu dəstəyin mühüm formalarından biri də respublikamızın ayrı-ayrı bölgələrində aqroparkların yaradılması prosesinin sürətləndirilməsidir.
Konfransda “Şəmkir Aqroparkı” ilə bağlı təqdimat nümayiş etdirilib. Sonra konfrans iştirakçıları təməli 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulan “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzində yaradılmış şərait və fəaliyyət istiqamətləri ilə tanış olublar.
Qonaqların diqqətinə çatdırılıb ki, Şəmkir rayonunda yaradılan aqroparkda respublikada ilk dəfə müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika – məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi nəticəsində rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradılacaq.
Mütəxəssislərin yekdil qənaətinə görə, regionlarda belə arqoparkların yaradılması, bu çərçivədə müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, proqressiv metodların geniş tətbiqində, istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq. Aqroparkların yaradılması və inkişafı fermerlərə məsləhət, texniki, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunmasına, kiçik fərdi istehsalçı səviyyəsindən genişmiqyaslı aqrar sənaye istehsalına keçidin, xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq.
“Şəmkir Aqroparkı” bu baxımdan Azərbaycanın qərb regionunun ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayacaq. Aqropark ölkənin ixrac əməliyyatları ilə məşğul olan aparıcı logistik mərkəzləri ilə əməkdaşlıq edəcək, yerli məhsulların “Made in Azerbaijan” brendi ilə ixracını və xaricdə yerləşən əsas istehlakçılara çatdırımasını, eləcə də daxili bazara çıxarılmasını təmin edəcək.
Beynəlxalq konfrans tədbirdə iştirak edən yerli və xarici şirkətlərin məhsullarının sərgi-nümayişi ilə davam edib. “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin ərazisində təşkil olunmuş kənd təsərrüfatı sərgisində beynəlxalq standartlara cavab verən istixana avadanlıqları, gübrə (torpaq və suda həll olunan) və dərmanlar, pestisidlər, şitil, ting və toxumlar, suvarma sistemləri, kənd təsərrüfatı sahəsində istifadə olunan traktor, maşın, mexanizm və bu kimi digər texnika nümayiş etdirilib. Sərgiyə Azərbaycan, Türkiyə, İtaliya, Hollandiya, Çin və digər ölkələrdən kənd təsərrüfatı üzrə məhsul və avadanlıqların istehsalçıları və distribyutorları qatılıblar.
Sonra Rusiya Federasiyasının “Evroxim” şirkəti tərəfindən Gəncə-Qazax iqtisadi zonasına həsr olunmuş “Məhsul gübrənin törəməsidir” adlı beynəlxalq seminar keçirilib. Seminarda aqrar sektorun qarşısında məsələlərlə bağlı geniş müzakirələr aparılıb. Bildirilib ki, bitkiçilik məhsullarının istehsalının artırılması məqsədilə adıçəkilən sahənin gübrəyə və bitki mühafizəsi vasitələrinə olan tələbatının ödənilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Respublikanın müxtəlif bölgələrində gübrə və bitki mühafizəsi vasitələrinin topdan və pərakəndə satış şəbəkələrinin yaradılması, aqrokimyəvi, bitki mühafizəsi, karantin və toxumçuluq xidmətlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi və fəaliyyətinin gücləndirilməsi istiqamətində zəruri addımlar atılır.
“Şəmkir Aqroparkı” barədə arayış
Ölkəmizdə aqroparkların və onların tərkibinə daxil olan müxtəlif mərkəzlərin tikintisi və məhsul bazalarının yaradılması istiqamətində daha bir addım kimi ölkə Prezidenti İlham Əliyevin xeyir-duası və iştirakı ilə 2014-cü ildə Şəmkir rayonunda “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin təməli qoyulub. Aqroparka 8604 hektar, o cümlədən, Könüllü kənd ərazisində 604 hektar, “Ceyrançöl” massivində isə 8000 hektar müvafiq torpaq sahəsi ayrılıb.
Aqroparkın “Ceyrançöl” massivi ərazisində yerləşən hissəsində 35 nəfər daimi, 200 nəfər mövsümü işlə təmin olunub
İri taxılçılıq, bitkiçilık,və meyvəçilik təsərrüfatını özündə birləşdirən aqroparkın ərazisində kənd təsərrüfatının inkişafına xidmət edəcək 8.000 hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi, Kür çayından əraziyə 2 istiqamətdə 730 millimetr diametrli dəmir borularla 27,5 kilometr və qismən kiçik diametrli borularla 15,6 kilometr təsərrüfat daxili su xəttlərinin çəkilməsi təmin edilib.
Ərazidə lazımi infrastrukturun yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2017-ci il tarixli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 oktyabr 2016-cı il tarixli sərancamlarına əsasən, dövlət büdcəsindən 3.200.000 manat vəsait ayrılıb. Aqropark üçün 10 ədəd müasir “New Holland” markalı traktor və 45 adda müxtəlif kənd təsərrüfatı maşın və qoşqu avadanlıqları lizinq yolu ilə alınıb, ümumi tutumu 15.000.000 m³ olan 3 ədəd su tutar inşa edilib, sahəsi 2.016 m² olan anbar hazırlanıb. Ərazidə 16.000 kVa gücündə elektrik yarımstansiya və 6 ədəd transformator quraşdırılaraq ümumilikdə 35 km elektrik xətti çəkilib. 2 ədəd üzən panton üzərində 3 ədəd yeni motor və su nasosu, həmçinin 1000 hektar torpaq sahəsində ABŞ-ın “Lindsay” şirkətindən alınmış 14 ədəd müxtəlif radiuslu müasir pivot suvarma aqreqatları və avadanlıqları quraşdırılıb.
Bütün bunlar məhsuldarlığa müsbət təsir göstərib. Nəticədə pivotaltı sahələrə ötən il şəkər çuğunduru əkilərək 14.000 ton məhsul yığılıb və İmişli şəkər zavoduna təhvil verilib. Cari ildə həmin pivotaltı sahəyə qarğıdalı bitkisi əkilib.
“Ceyrançöl”də 35 nəfər daimi, 200 nəfər mövsümü işlə təmin olunub. Sahəsi 260 m² olan 9 otaqdan ibarət 2 mərtəbəli ofis binası tikilib.
Ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək məqsədilə, Aqroparkda mövcud 1.000 hektar pivotaltı sahənin genişləndirilərək 2017-ci ildə 2.000 hektar, 2018-ci ildə 1.600 hektar olmaqla, ümumilikdə 4.600 hektara çatdırılması planlaşdırılır. Bu ilin payızında 3.000 hektar pivolatı sahəyə taxıl əkilməsi və 15.000 ton məhsul istehsalı, 2018-cil ildə isə 3.000 hektar qarğıdalı əkilməsi və 30.000 ton məhsul götürülməsi nəzərdə tutulur.
İntensiv bağçılığın yaradılması məqsədilə isə 2.400 hektarda damlama suvarma sistemlərinin quraşdırılması layihələndirilib. Nəticədə gələcəkdə 36.000 ton məhsul istehsal olunacaq. Pivotaltı sahəyə gələcəkdə növbəli əkin prinsipinə uyğun olaraq soya, kartof, soğan və digər bitkilər də əkiləcək. Sözügedən məhsulların saxlanılması üçün 30.000 tonluq taxıl-anbar kompleksinin qurulması, 10.000 tonluq kartof saxlama-soyuducu kamerasının yaradılması nəzərdə tutulur.
8.000 hektar torpaq sahəsini əhatə edəcək aqrotexniki qulluq prosesini vaxtında yerinə yetirmək məqsədilə aqroservis bazasının genişləndirilməsi üçün ABŞ-ın “John Deere” şirkətinin istehsalı olan 30 adda müasir kənd təssərrüfatı texnika və avadanlıqlarının alınması da planlaşdırılır. Nəticədə 5.000 daimi, 1.500 mövsümü iş yeri yaradılacaq, əlavə olaraq təsərrüfatdaxili yollar çəkiləcək.
“Ceyrançöl”də salınacaq bağçılıq təsərrüfatının məhsulları təməli cənab Prezident İlham Əliyev tərəfindən qoyulmuş “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzində emal ediləcək, həmin məhsulların satışı və ixracı məhz buradan təmin olunacaq.
Aqroparkın Könüllü kənd ərazisində yerləşən hissəsinin ümumi ərazisi 604 hektardır. Bu ərazinin 100 hektarı sənaye sahəsi, 200 hektarı istixanalar, 274 hektarı intensiv bağçılıq, 25 hektarı tingçilik, 5 hektarı şıtilçılık üçün nəzərdə tutulub.
Aqroparkda həyata keçirilən bütün bu işlər ölkəmizdə kənd təsrrüfatının ÜDM-də pay nisbətini artıtırmağa və əhalinin yerli və keyfiyyətli məhsullarla təmin etməyə xidmət edəcək.
“Şəmkir Aqroparkı”nda eyni zamanda 200 ton məhsul qəbul edə biləcək 2 terminal mövcuddur
Fəaliyyətə başlayan Logistika Mərkəzinin ərazisi 12,3 hektardır. Logistika Mərkəzinin ümümi ölçüləri, uzunluğu 254 metr, eni 141 metr, hündürlüyü 14,60 metrdir.
İstehsal sahəsi 3,9 hektar ərazini əhatə edir. Burada Fransanın “Maf Roda” şirkətinin meyvələri ölçüsünə, rənginə, zədəliyinə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri kalibirli meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik kalibirli meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur.
Burada İtaliyanın “Isolcell” şirkətinə məxsusus tutumu 24.000 ton olan 71 ədəd ULO tipli soyuducu saxlama kameraları quraşdırılıb. Soyuducu depolarda meyvə və tərəvəzin növlərinə görə 25 gündən 270 günə qədər minimum itki və keyfiyyətlə saxlanılması təmin olunur.
İstehsal sahəsində eyni zamanda 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsul yola sala bilən 1 terminal mövcuddur.
“Şəmkir Aqroparkı”nın Logistka Mərkəzində müasir avadanlıqlarla təchiz edilmiş labaratoriya vardır. Burada meyvə və tərəvəzlərin keyfiyyəti, toksikliyi, bakterioloji və mikrobioloji göstəriciləri üzrə analizlər aparılır.
Logistik Mərkəzdə meyvə və tərəvəzlərin çeşidlənməsi, qablaşdırılması və soyuducu saxlama kameralarında saxlanılması müasir standartlara uyğun mühüm texnoloji proseslərdən keçirilərək aparılır. Bu zaman laboratoriya təhlilləri nəzərə alınır, sonra məhsul xüsusi hidroşoklama qurğusundan keçirilir. Nəticədə məhsulun çeşidlənməsi və qablaşdırılması zamanı, həmçinin, soyuducu kamerada temperatur fərqində zədə alması minimuma endirilir. Mərkəzdə regionda yetişdirilən xurmanın alıcılıq qabiliyyətini aşağı salan xüsusi dadın aradan qaldırılmasını təmin edən “determing room” qurğusu (sutkada gücü 1 ton olan) da var.
Logistika Mərkəzində sahibkarların ixrac əməliyyatları ilə əlaqədar prosedurları sadələşdirmək və sürətləndirmək məqsədilə “bir pəncərə” sistemi qurulub. Burada Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin, “Atabank” kommersiya bankının müafiq strukturları fəaliyyət göstərəcək.
Aqroparkın kommunikasiya təminatı üçün dövlət dəstəyi ilə 25,0 meqavat gücündə elektrik stansiyası tikilib, 1 saatda buraxılışı 18.000 m³ olan 9 km qaz xətti, 48 portluq 22 km fibrooptik rabitə xətti çəkilib. Hazırda 11 km uzunluğunda dəmiryolu xəttinin çəkilməsi də layihələndirilir.
“Şəmkir Aqropark”ın Logistika Mərkəzində tam gücü ilə fəaliyyət göstərdiyi halda 274 nəfərin işləməsi nəzərdə tutulur. Hazırda burada 179 nəfər çalışır. Orta əmək haqqı 600 AZN-dir.
Mərkəzdə sahəsi 2.600 m² olan ofis binası, konfrans zalı, qarderob və yeməkxana işçilərin istifadəsinə verilib.
Mərkəzin ərazisində geniş abadlıq işləri aparılıb, 25.000 m2 sənaye sahəsinə yaşıl ot örtüyü, 50.000 m2 sahəyə asfalt döşənib.
Mərkəzin ərazisində avtodayanacaq (o cümlədən, 25 TİR tipli yük avtomobillərinin dayana biləcəyi TIR PARK), helikopter meydançası, qazanxana və 45 kv-lıq yarımstansiya tikilib.
Babək Cahandarov