Kaliforniya Universitetinin bir qrup alimi lal-kar insanlar tərəfindən istifadə edilən jest dilini anlamaq üçün “ağıllı” əlcək hazırlayıblar.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, ünsiyyəti asanlaşdıran “Smart Glove” əl jestlərini tanıyaraq onları mətnə çevirir. Naked-science.ru saytının məlumatına görə, əlcək doqquz elastik sensora malikdir. Baş barmaqdan başqa hər bir barmağa iki sensor birləşdirilib. Sensorlar biləkdə yerləşdirilmiş sistem lövhəsinə qoşulub. Sözügedən sistem lövhəsi jest dilinin hərfinə uyğun gələn barmaqların vəziyyətini tanıyaraq latın əlifbası hərfini generasiya edir.
Jestlər doqquzrəqəmli (sensorların sayına görə) kodla kodlaşdırılır, hər bir rəqəm müvafiq barmağın yerləşmə vəziyyətindən asılı olaraq 1 və ya 0 qiymətini ala bilər. Yekun qiymət konkret bir hərfə uyğun gəlir.
Əlcək eyni jestləri fərqləndirmək üçün akselerometr və təzyiq sensoru ilə təchiz edilib. Bundan sonra sistem kodları hərflərə çevirir və onları kompüterin ekranında göstərmək üçün “Bluetooth” vasitəsilə göndərir.
Babək Cahandarov