Respublikanın ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqənin üçüncü mərhələsinin (vakansiya seçimi) nəticələri elan olunub.
1news.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, vakansiya seçiminə müvafiq keçid balını toplayan bütün namizədlər qatılıb. İştirakçılardan 5225-i növbəti mərhələyə keçmək hüququ əldə edib. İmtahanın bu mərhələsinin nəticələri hər bir namizədin şəxsi səhifəsinə göndərilib.
Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar namizədlərin şəxsi səhifəsinə göndəriləcək. Müsahibə mərhələsinə dəvət olunacaq namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur.
Bu il ilk dəfə musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçirilib. Müsahibə mərhələsinin nəticələri qısa müddətdə həmin namizədlərin şəxsi səhifəsinə göndəriləcək. Avqustun 18-dən 20-dək namizədlər vakansiya seçimi mərhələsinə buraxılacaq.
Babək Cahandarov