Gürcüstan Respublikasının Birləşmiş Su Təchizatı Şirkəti Çiatura şəhərinin Su Sistemləri Şəbəkəsinin yenidənqurulmasının həyata keçirilməsi üzrə tender keçirib.
1news.az-ın məlumatına görə, dəyəri 15,3 milyon ABŞ dolları olan tenderin qalibi Azərbaycan şirkəti olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC olub. 16.08.2017-ci il ildə Tibilisi şəhərində Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdiriləcək layihənin imzalanma mərasimi keçirilib. Müqaviləni Gürcüstan Respublikasının Birləşmiş Su Təchizatı şirkətinin direktoru Georgi Kobaridze, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin səlahiyyətli nümayəndəsi Alik Cəfərov imzalayıb.
Qeyd edək ki, 20 iyul 2017-ci ildə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Qazaxıstan Respublikasında ümumi dəyəri 70 milyon dollar olan Kurty-Burilbaytal yolunun iki lotunun inşası üzrə tenderin qalibi olub.
1news.az