Sosial şəbəkədə şahin quşlarının satılması barədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
1news.az-ın məlumatına görə, araşdırma zamanı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş üç şahin quşunun Bakı şəhər sakini Telman Zöhrabov tərəfindən təbiətdən qanunsuz götürülərək ona məxsus bağ evində saxlanıldığı və quşların təbii mühitdən götürülməsi, saxlanılması barədə rəsmi təsdiqedici sənədinin olmadığı məlum olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, faktla bağlı T.Zöhrabov barəsində protokol tərtib olunub və o inzibati qaydada 500 manat məbləğində cərimə edilib.
Şahin quşları götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Quşlar baytar həkimlərin nəzarəti altında müayinə olunaraq reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.
Babək Cahandarov