Facebook sosial şəbəkəsi yayılan saxta xəbərlərlə mübarizə üsullarını gücləndirməyi planlaşdırır.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, Facebook məlumatların doğruluğunun yoxlanılması məqsədilə xəbərləri xüsusi faktyoxlama şirkətlərinə göndərəcək.
Bundan sonra yoxlamanın nəticələri orijinal paylaşımın altında nümayiş etdiriləcək.
Qeyd olunur ki, bununla əlaqədar sosial şəbəkə ABŞ, Almaniya və Fransa şirkətlərinə müraciət edib. Bu funksiya əvvəlcə adıçəkilən ölkələrdə və Niderlandda sınaqdan keçiriləcək.
Bir neçə gün öncə Facebook sosial şəbəkəsində yayılan vurisla bağlı Trend-ə açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də eyni mövzu istiqamətində maraqlı fikirlər səsləndirib.
O.Gündüz vurğulayıb ki, virusun yayılmasında məqsəd müxtəlif ola bilər:
“Ola bilər ki, bu virus istifadəçilərin şəxsi məlumatlarını, şifrələrini ələ keçirmək üçün yayılsın. Həmçinin insanların vaxtını almaq, Azərbaycanda sosial medianın fəaliyyətini ağırlaşdırmaq, lazımsız, saxta informasiyaları dövriyyəyə salmaq məqsədilə də yayıla bilər”.
O.Gündüz hesab edir ki, virusun Ermənistan tərəfindən də yayıldığını güman etmək olar.
S.Xankişiyeva