Cari ilin avqust ayından etibarən Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası arxeoloji araşdırmalara başlayıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, ekspedisiyaya AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Fransanın Elmi Araşdırmalar Mərkəzinin (CNRS), həmçinin, Lion-2 Lümyer Universitetinin Aralıq dənizi və Şərq üzrə araşdırmalar Mərkəzinin tədqiqatçısı, arxeoloq, doktor Catherine Marron rəhbərlik edirlər.
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin verdiyi məlumata görə, beynəlxalq arxeoloji ekspedisiyanın əsas məqsədi qədim əkinçilik mədəniyyətlərinin formalaşması prosesini və qədim insanların ətraf aləmlə tanışlığını öyrənmək, iqtisadi-mədəni əlaqələrin istiqamətini müəyyənləşdirməkdən ibarətdir.
V.Baxşəliyevin bildirdiyinə görə, tədqiqat mövsümünün ilk günlərindən Eneolit dövrünün erkən mərhələsinə aid yaşayış yerinin aşkar olunması olduqca maraq doğurub. Yaşayış yerinin keramika məmulatı arasında boyalı qablar da var. Maddi-mədəniyyət nümunələri ölkəmizin qədim sakinlərinin Yaxın Şərq ölkələri ilə əlaqələrini öyrənməyə, Eneolit dövrünün ardıcıl inkişaf mərhələlərini müəyyənləşdirməyə imkan verir.
Tədqiqat zamanı aşkar olunan maddi-mədəniyyət nümunələrinin bir qismi obsidian alətlərdən ibarətdir. Hazırda araşdırmalar davam etdirilməkdədir.
AMEA-nın müxbir üzvü V.Baxşəliyev xüsusi olaraq vurğulayıb ki, aşkar edilən maddi-mədəniyyət nümunələri Azərbaycan alimləri ilə yanaşı, Fransa, Almaniya, İtaliya, Türkiyə, Macarıstan və Avstraliyadan gələn mütəxəssislər tərəfindən tədqiq edilməkdədir.
Babək Cahandarov