Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün yaradıcılıq günü keçirilib
15 avqust, 2017 11:22
Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün növbəti tədbir keçirilib.
Fonddan 1news.az-a verilən məlumata görə, “Sevimi Bala” uşaq klubu ilə birgə təşkil olunan yaradıcılıq günündə balacalar öz bacarıqlarını iki mövzuda nümayiş etdiriblər.
Uşaqlar rəssam Nərminə Vəliyevanın müəllifi olduğu əsər əsasında stend üzərində nəhəng, rəngarəng mələk qanadları yaradıblar. Eyni zamanda 10 metr uzunluğunda rəsm kağızı üzərində “Bakı şəhəri” mövzusunda rəsmlər çəkiblər.
Qeyd edək ki, yaradıcılıq günü uşaqların incəsənətə marağını artırmaq, bacarıqlarını inkişaf etdirməklə yanaşı, onlar arasında həmrəylik hisslərini artırmağa, asudə vaxtlarının səmərəli təşkilinə yönəlib.
Babək Cahandarov