Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən Füzuli rayonunun Əhmədbəyli kəndinin ərazisində su kanalına baxış keçirilib.
ANAMA-dan 1news.az-a bildiriblər ki, nəticədə 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd 93 millimetrlik tank əleyhinə raket (PQ-7VL) və 1 ədəd 100 millimetrlik tank mərmisi (OF-15)) aşkar edilərək götürülüb, 1500 kvadratmetr ərazi yerüstü yoxlanılıb.
Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən avqustun 14-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 11 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, bir fermaya, 1 hərbi hissənin yaxınlığına, bir gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 167 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Nəticədə 6.768 ədəd partlamamış hərbi sursat, 197 ədəd tank əleyhinə mina və 31 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4.699.417 kvadratmetr ərazi (721.633 kvadratmetri əl ilə, 1.607.140 kvadratmetri mexaniki üsulla, 113.000 kvadratmetri SENSYS dərinlik ölçən cihazı və 2.257.644 kvadratmetri minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
1news.az