“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisi, Rusiya HDD-nın “Qrad Sviyajsk” kiçik raket gəmisi, İran HDQ-nin “Cövşən” raket kateri və Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisinin ekipajları mini-futbol üzrə yoldaşlıq görüşlərində güclərini sınayıblar.
1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Dənizkənarı Milli Parkdakı idman meydançasında təşkil olunan oyunlar olimpiya sistemi üzrə keçirilib.
Azərbaycan və İran komandaları arasında keçirilən görüşdə meydan sahibləri 6-3 hesabı ilə qalib gəliblər.
Rusiya və Qazaxıstan komandaları arasında keçirilən görüşdə isə Rusiya dənizçiləri 3-2 hesabı ilə uğur qazanıb.
Gərgin final oyununda Azərbaycan dənizçiləri Rusiya komandasına 8-5 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Üçüncü yer uğrunda keçirilən görüşdə isə İran dənizçiləri Qazaxıstan komandasını 5-2 hesabı ilə məğlub ediblər.
Sonda komandalara medallar, fəxri fərmanlar, hədiyyələr və kuboklar təqdim olunub.
Babək Cahandarov