Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi barədə “Özgə saatı” adlı animasiya çarxı hazırlanıb.
1news.az-ın məlumatına görə, müəlliflər qeyd ediblər ki, çarxda cəbhənin təmas xəttində Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq yaratdıqları təxribatlar, erməni ordusundakı özbaşınalıq və ölüm halları, erməni məmurlarının münaqişədən necə faydalanmaları, öz oğlanlarının özgə torpaqda ölmələrinə etiraz edən erməni analarının aksiyaları və ermənilərin Ermənistandan miqrasiya etmələri əks olunub.
Çarxda erməni hərbçisinin işğal edilmiş ərazidə Azərbaycana məxsus saatı qarət zamanı götürməsi və bu qarətin onu xoşbəxtlik əvəzinə ölüm bəxş etməsi nümayiş etdirilir.
Eyni zamanda çarxda zəbt edilmiş ərazilərdə yerləşən bir sıra Azərbaycana məxsus tarixi abidələrin 3D qrafikalı animasiyaları hazırlanıb. 3D animasiyada həmçinin ermənilərin cəbhənin təmas xəttində törətdikləri təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni hərbi helikopterinin və zenit-raket kompleksinin məhv edilməsi kadrları da yığılıb.
Qeyd edək ki, çarxın hazırlanmasında əsas məqsəd Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.
Onu da bildirək ki, bu videoçarx Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Addım” GİM İctimai Birliyinin həyata keçirdiyi “Ermənistan-Azərbaycan Sülh Platforması 3D qrafikalı animasiyada” layihəsi çərçivəsində hazırlanıb.
Babək Cahandarov