ABŞ Prezidenti Donald Tramp son bir neçə gündə Birləşmiş Ştatları təhdid edən Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) ünvanına söylədiyi silsilə fikirlərini davam etdirib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Tramp avqustun 9-da Twitter vasitəsilə bəyanat yayaraq, ölkəsinin nüvə cəbbəxanasının qüdrətini vurğulayıb. O, həmçinin ümidvar olduğunu bildirib ki, bu cəbbəxanadan istifadə etməyə ehtiyac qalmayacaq.
D.Trampın nüvə cəbbəxanası haqqında fikirləri Şimali Koreya Sakit okeanda ABŞ ərazisi olan Quamuya raket zərbəsi endirmək planlarını nəzərdən keçirdiyini bəyan edəndən sonra səslənib. Buna cavab olaraq, ABŞ Prezidenti avqustun 8-də öz şərhində qeyd edib ki, Şimali Koreyanın Birləşmiş Ştatlara hər hansı təhdidi “od-alov və şiddətlə” qarşılanacaq.
D.Tramp özünün yeni məlumatında bildirib ki, ABŞ Prezidenti vəzifəsində onun ilk fərmanı ölkənin nüvə cəbbəxanasının bərpası və modernləşdirilməsi məsələləri ilə bağlı olub. D.Tramp ABŞ-ın nüvə cəbbəxanasının qüdrətinə toxunaraq yazıb: “İndi o, əvvəlkindən xeyli güclü və qüdrətlidir. Ümidvaram ki, biz bu qüdrətdən heç vaxt istifadə etməli olmayacağıq. Ancaq biz daim dünyanın ən qüdrətli ölkəsi olacağıq!”.
1news.az