Bu gün Makedoniyanın paytaxtı Skopyedə İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester United” komandaları arasında UEFA Superkuboku uğrunda oyun keçiriləcək.
1news.az xəbər verir ki, bununla da 43-cü UEFA Superkubokunun qalibi məlum olacaq.
İlk dəfə 1972-ci ildə qalibi müəyyənləşən titul 42 dəfə sahibini tapıb. Əvvəllər Kuboklar Kuboku, sonra isə UEFA kuboku (indiki Avropa Liqası) turnirinin qalibi Çempionlar Liqasının ən güclüsü ilə qarşılaşıb. 1972-ci ildə klubların təşəbbüsü ilə təşkil edilən ilk Superkubok matçı isə hələ də UEFA tərəfindən rəsmi tanınmayıb. Həmin dueli də nəzərə alsaq, 42 mövsümdən 23-də Çempionlar Liqası, 12-də Kuboklar kuboku, 7-də Avropa Liqasının qalibi Superkuboka yiyələnib.
İndiyədək 12 ölkə təmsilçisi kuboka yiyələnib. İspaniyanın 13, İtaliyanın 9, İngiltərənin 7 klubu buna nail olmaqla ilk üçlükdə qərarlaşıb.
Klublar arasında hərəsi beş dəfə olmaq “Barselona” və “Milan” liderdir. “Real Madrid”, “Liverpul” və “Ayaks” hərəyə üç dəfə Superkuboka sahib olub.
“Real Madrid” komandasının baş məşqçisi Zinəddin Zidan oyundan əvvəl keçirilən mətbuat konfransında komandanın hazırlığı və məqsədləri barədə danışıb. O deyib: “Mövsümə uğurlu start vermək və Superkubok görüşündə nəticə qazanmaq bizim üçün vacibdir. Mövsümün ilk rəsmi qarşılaşmasının əhəmiyyətini dərk edirik. Komandam iştirak etdiyi hər bir yarışda qələbə uğrunda mübarizə aparan klubdur. Güclü heyətimiz mövcuddur. Odur ki, ötən mövsümün uğurlarını təkrarlamaq və ardıcıl üçüncü dəfə Çempionlar Liqasının qalibi olmaq istəyirik”.
1news.az